Simply About Difficult

Welcome to my personal blog and portfolio!

Monday, 5 December 2011

Qürbətdə olan sərvətim...

Londona gəldiyim gündən bu şəhərin tarixi yerlərini, zəngin muzeylərini, böyük şəxsiyyətlərin dəfn olunduğu Westminster abbatlığını görməyə tələsirdim.
Ancaq mənim üçün yeni olan mühit, universitet həyatına uyğunlaşma prosesi, kitabxanalarda keçirtdiyim zaman çoxluğu elə bir gərginlik yaratmışdı ki, Londonu arxayın gəzmək arzum bir növ arxa plana keçmişdi.

Düzdür, ilk gəldiyim günlər turist avtobusu ilə şəhər turuna çıxmışdım. Məşhur “Biq-ben”i, Madam Tüssonun mum fiqurlar muzeyini görmüşdüm. Hətta, nə gizlədim, hər bir gənc qız kimi Regent stritdə yerləşən mağazalara biganə qalmayıb, bir neçə məşhur ticarət mərkəzində alış-veriş də etmişdim. Lakin elə bu qədər...

“London burada-mən burada”, fikri ilə razılaşıb tələbə həyatının qayğıları ilə  yaşamağa başlamışdım. Birdə Bakı və doğmalarım üçün çox darıxdığımdan  azacıq vaxtım olan kimi “Skype”-dan uzaqlaşmırdım. Ümumiyyətlə, müxtəlif şəhərlərə səyahət etməyi çox sevirəm. Hər şəhərin öz cazibəsi olduğu kimi, Londonun da insanı özünə cəlb edən xüsusiyyətləri çoxdur.
Londonun cazibəsinə  düşənlərin hər birinin öz məqsədi var: kimi təhsil dalınca, kimi məşhur maliyyə mərkəzlərində iş tapmaq, kimi də Londonu gəzmək, tarixi yerləri görmək üçün bura gəlir. Çünki London başqa Avropa şəhərlərinə bənzəmir. O, vaxt itkisini  sevmir. Bəlkə bu baxımdan onu ancaq Nyu-Yorkla müqayisə etmək olar. Şərqin  şəhərlərində vaxt daha ləng gedir. Şərqdə “hara tələsirsən” qərbdə isə “niyə  gecikirsən” düşüncəsi ilə yaşayırsan. Hər halda, bu, mənim şəxsi fikrimdir…

Yaşadığım evin yaxınlığında məşhur Britaniya muzeyi yerləşsə də, istəyim ilk olaraq Viktoriya və Albert muzeyini görmək idi. Günlərin birində imkan tapıb, muzeyə getməyim üçün vaxtı dəqiqləşdirdim. Muzey haqqında məlumatım hələ Londona gəlməmişdən əvvəl var idi. Muzeyin 1852-ci ildə yarandığını və yalnız 1899-ci ildə kraliça Viktoriya ilə şahzadə Albert şərəfinə adlandırıldığını, eksponatlarının sayının 4 milyonu keçdiyini, ingilislərin bu muzeylə xüsusi qürur duyduğunu bilirdim. Dünyanın min bir yerindən müxtəlif yollarla əldə etdikləri nadir sənət incilərini Londona toplayan və onu göz-bəbəyi kimi qoruyan bu insanların tarixə fərqli münasibəti var…

Bir neçə il bundan öncə Qahirə muzeyində olarkən bələdçi təəssüflə, ən qiymətli sənət əsərlərinin vaxtilə Londona aparıldığını söyləmişdi. Eyni hadisə ilə yalnız Qahirədə deyil, indiyə kimi bir neçə başqa şəhərdə də qarşılaşmışam. Tarixi  əsərləri öz ölkələrinə daşımaqda ingilislərə tay ola bilməz. Örnək olmağa layiq haldır. Məni Viktoriya və Albert muzeyinə çəkən qüvvə isə haqqında çox eşitdiyim, çox oxuduğum Şeyx Səfi (Ərdəbil) xalçasının möcüzəsi idi. Mədəniyyətimizin nadir incisini görməyə tələsirdim.

Bu xalça haqqında oxumaq olar, haqqında çəkilmiş filmlərə baxmaq da olar. Lakin onun gözəlliyini Londonda seyr etmək insanda tamam başqa hisslər yaradır. Muzeyin böyük “Jameel” salonunda rəngi solmasın deyə, şüşə örtük altında böyük qayğı ilə mühafizə olunan xalçaya baxdıqca istisini, doğmalığını hiss edirsən. Ətrafda olan insanların xalçaya  necə heyranlıqla baxdığını  gördükcə, ürəyimdən “bu bizim xalçamızdır, bunu  azərbaycanlı  xanımlar toxuyublar, o, bizim mədəniyyətimizin nümunəsidir”  demək keçirdi…

Muzeylərin qəribə-xoş bir sükutu olur. Görünür, gözəlliyi sükutda seyr edəndə  daha təsirli olur. Düşünürdüm-mənim xalqıma məxsus olan bu sərvətin axı, Londonda nə işi var? Düzdür, Azərbaycan xalçaları dünyanın bir çox muzeylərini  bəzəyir. Lakin, Şeyx Səfi xalçası tamamilə fərqli bir xalçadır. O, uzun əsrlər boyu Ərdəbil şeyxlərinin sərdabəsinin bəzəyi olub.

Xalçanı 1539-cu ildə Şah İsmayıl Xətainin oğlu I Təhmasib babalarının dəfn olunduğu Şeyx Səfi əl-Din məscidi  üçün toxutdurub. Xalça üzərində 2-3 il ən peşəkar xalçaçılar çalışıb. Neçə-neçə qız-gəlin bu  xalça üzərindəki naxışları sevə-sevə toxuyub. Xalçanın bir küncündə olan yazı – “müqəddəs məqbərənin qulu Məqsud Kəşaninin işi – hicri 946” böyük  sənətkarın, xalçanın müəllifinin adını bizə çatdırır. Həmin dövrdə sarayın baş rəssamı olmuş Soltan Məhəmmədin məqbərənin tavanında və divarlarında olan  rəsmlərinin xalça üzərində əks olunması bu sənət əsərində onun da payının  olmasından xəbər verir.

Xalçanı seyr etdikcə, fikrim uzaqlara gedir. Azərbaycanda  hər kəsin evində ən azı 2-3 xalçası var. Yadımdadır, nənəm ən gözəl xalçaları  divardan asdırar, nisbətən sadə naxışlılarını isə döşəməyə salardı. Hərdən nənəmə  irad tutardıq ki, xalçanı divara vurmaq dəb deyil, indi heç kəs divara xalça vurmur… Nənəmin isə qəti fikri var idi: belə gözəlliyi yerə salmazlar, çünki bu ilmələrdə bunu toxuyanların ruhu toplanıb, onu əzmək olmaz.

Nənəmin sözlərinin dəyərini indi bilirəm. Şeyx Səfi xalçası mürəkkəb bir tarixi dövrün, o dövrdə yaşayan insanların-hökmdarların, sənətkarların, sadə insanların ruhunu özündə cəm etmişdi. Deyəsən, xalçanın nümayiş etdirildiyi zalda lazım olduğundan çox ləngimişdim. Elə ona görə muzeyin başqa zallarına da nəzər salmağa başladım. Evə dönən kimi  əlahəzrət internetdən xalçanın Londona gətirilməsi ilə bağlı materialları axtarmağa  başladım. Məlumatlar çox az idi. Öyrəndiklərim məni qane etməsə də, hələ ki bu məlumatlarla kifayətlənmək qərarına gəldim.

1891-ci ildə Ərdəbil məscidinin bəzəyi (eni 5.34 m, uzunluğu 10.51 m, ümumi sahəsi isə 56.12 kv.m) Şeyx Səfi xalçası “yoxa çıxıb”. Bəzi məlumatlara görə, onu “Ziegler & Co.” adlı xalçaçılıqla məşğul olan bir şirkətə satmışlar. Digər məlumatlarda isə xalçanın satılması ilə əlaqədar danışıqların 1888-ci ildən  etibarən başlanıldığı söylənilir. 1892-ci ildə Londonda “Vincent Robinson & Co.” şirkəti tərəfindən ticarət evində böyük bir xalça satışa çıxarılır. Bu məhz Şeyx Səfi (Ərdəbil) xalçası idi.

Xalçanın satışına o dövr üçün yüksək qiymət qoyulur. Xalçanın şöhrəti tezliklə Viktoriya və Albert muzeyinin rəhbərliyinə də çatır. William Morris adlı Viktoriya və Albert muzeyinin dizayneri bu xalçanın möhtəşəm olmasını muzeyin rəhbərliyinə çatdırır və onun mütləq muzeydə olmasının zəruriyyətini bəyan edir.

Muzeyin xalçanı almaq üçün lazımi məbləğdə pulu olmadığı üçün muzey rəhbərliyi londonlulara müraciət edir, xalçanın İngiltərədə qalması, muzeyə verilməsi üçün pullar yığılmağa başlanır. Çox qısa müddət ərzində daha dəqiq desək, 1893-cü ildə pul toplanır (2000 funt sterlinq) və xalça həmin dövrdə John Henry Middleton-un (1893-96-cı illərdə muzeyə rəhbərlik edib) rəhbərlik etdiyi Viktoriya və Albert muzeyinin ən qiymətli eksponatlarından birinə çevrilir.

Şeyx Səfi əl-Din məscidindən ikinci xalça isə amerikalı kolleksiyaçı tərəfindən alınıb, 1953-cü ildə Los-Angelesdəki “County Museum of Art”-a verilir. İngilislərin qənaətcil olduğu, bədxərcliliyi sevmədikləri hər kəsə məlum faktdır. Lakin qiymətli sənət əsərinə verdikləri dəyər, yüksək səxavət hörmətə layiqdir.

Bu gün dəyəri milyonlarla ölçülən Şeyx Səfi xalçasının geri qaytarılmaq ehtimalı yoxdur. Sevindirici hal odur ki, 468 ildən sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şeyx Səfi xalçasının eynisi Azərbaycan xalçaçıları tərəfindən toxunub başa çatdırıldı və hazırda Bakıda Müasir Xalçaçılıq Muzeyində sərgilənir. Tarixi xalçaçılıq ənənələrimizin qorunub bu günə qədər çatdırılması Azərbaycan xalçaçılarına bu böyük işi görməyə imkan verdi…

Ötən ilin noyabr ayının 15-i idi. Soyuq bir payız günündə universitetdən evə dönərkən yolumun üstündə binaların birinin üzərində uzaqdan diqqəti cəlb edən yazı gördüm. Orada “Azərbaycan xalçaları: uçan xalçalarla nağıllara doğru” sözləri yazılmışdı. Bu, Azərbaycan xalçalarının İngiltərədə keçiriləcək sərgisinin elanı idi. Müxtəlif millətlərin təmsilçiləri sabah bu sərgiyə gələcək, Azərbaycan xalçalarının gözəlliyi qarşısında heyranlıq yaşayacaqdılar.

Mən buna inanırdım, çünki bu gözəlliklərə laqeyd olmaq qeyri-mümkün idi. Azərbaycandan gətirilmiş bu gözəl xalçalar nümayiş etdirildikdən sonra vətənə geri dönəcəkdi. Onları burada heç bir qüvvə saxlaya bilməzdi. Bir anlığa bir necə küçə aralıda Viktoriya və Albert muzeyində olan Şeyx Səfi xalçasını düşündüm. O, bütün gözəlliyi, möhtəşəmliyi, təkrarolunmazlığı ilə yanaşı, sərgi bitdikdən sonra vətənə dönəcək xalçaların ardınca kədər və həsrətlə baxacaqdı…

Fəridə Əliyeva
İngiltərədə təhsil alan azərbaycanlı tələbə
“525-ci qəzet”