Simply About Difficult

Welcome to my personal blog and portfolio!

Wednesday, 23 November 2011

Aşurbəylilərdən Azərbaycan xalqına çatan mənəvi miras



Səhər tezdən oyanıb üç aydır görmədiyim Bakını gəzməyə tələsirəm. İlin fəsillərindən asılı olmayaraq mən şəhəri səhərlər gəzməyi daha çox sevirəm.Səhərlər şəhər tamam başqa cür olur. İnsanların az olduğu vaxt Dənizkənarı Milli Parkda arxayın-arxayın gəzmək, dənizə boylanan binaların gözəlliyini seyr etmək mənə daha xoş gəlir. Bu yolu dəfələrlə qət etsəm də yorulmuram.

Dünyanın çox şəhərlərində olmağıma baxmayaraq, heç vaxt Bakını hansısa şəhərlə müqayisə etmək istəməmişəm, çünki hər bir müqayisə qüsurludur. Bu, mənim şəhərimdir. Yadımdadır, bir dəfə gənc bir rəssamın əsərini görmüşdüm-əsərin adı “mənim nağıl şəhərim” idi. Bu, təkcə istək deyildi, bu, nağılı qorumağa çağırış idi. Təkcə mənim deyil, bütün bakılıların sevdiyi Bakı bulvarının tarixi XIX əsrin ikinci yarısına daha dəqiq desək, 1867-ci ilə təsadüf edir.

Məşhur mühəndis, xeyriyyəçi, ziyalı bir insan olan Qasım bəy Hacınski dəniz kənarında gözəl bir park salmaq təklifi ilə nəinki çıxış etdi, hətta bu fikri həyata keçirdi. Çox işlər görüldü: ağaclar əkildi, fontanlar quruldu, şəhər üçün tamamilə yeni düzən yarandı. Avropa mədəniyyəti, memarlığı ilə tanış olan bu şəxs yaşadığı şəhərin, onun insanlarının sabahını düşünürdü. XX əsrin əvvəllərində isə bu ənənəni məşhur azərbaycanlı mühəndis-memar Məmmədhəsən Hacinski davam etdirdi.

Bakı bulvarının 2008-ci ildəki son təmiri isə parka yeni sima verdi, dünyanın ən gözəl parklarından birinə çevirdi. Bu gün yeni ömrünü yaşayan parkda bu böyük insanların-görkəmli memarların adları olan lövhənin olması onların halal haqqının ödənilməsi olardı...

Yoluma davam edirəm. Bu dəfə mənim üçün yenilik Qız qalasının təmirə bağlanmasıdır. Görəsən, təmirdən sonra necə olacaq? Mənə elə gəlir ki, ətrafdakı binaların təmirindən Qız qalası bir az qısqanclıq yaşayırdı. Çünki onun təmirə birinci bağlanmağa daha çox haqqı var idi. Maraqlıdır, görəsən təmirdən sonra o ətrafdakı binalara öz möhtəşəmliyi ilə meydan oxuya biləcək ya yox? Qız qalasının qonşusu olan məşhur bina –xalq arasında “Hacınskinin evi” adlanan möhtəşəm memarlıq abidəsi yüz ildir ki, keçmiş Aleksandrovski indiki “Neftçilər” prospektinin yaraşığı olaraq qalır.

Dənizkənarı Milli Parkın “Azneft” meydanı deyilən hissəsində nəfəsimi dərib yeni tikilən mehmanxanaya baxıram. Dövlət bayrağımızın dalğalandığı bu meydan üç tərəfdən möhtəşəm memarlıq abidələri ilə əhatə olunub. Burada olan binaların əksəriyyəti yeni tikililərdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yerləşdiyi bina isə hələ ötən əsrin əvvəllərində başqalarına nisbətən seçilirdi, göz oxşayırdı. Bu binaya “Mirbabayevin evi” deyirlər.

Bu gün də Bakıda tarixi binalar keçmiş sahiblərinin adı ilə çağırılır. Mülkün son sahibi olun Seyid Mirbabayevin adi bu günə qədər yaddaşlarda qalmaq haqqı qazanıb.

Ötən əsrin əvvəllərində Azərbaycanın məşhur xanəndələri içərisində bir xanəndə də var idi. Muğam sənətinin incəliyinə bələd olması, səsinin şirinliyi, sadəliyi onu insanlara sevdirirdi. Bakı milyonçularının elə bir məclisi olmazdı kı Seyid Mirbabayev ora dəvət olunmasın. Zəngin insanların toy məclislərində o oxuyardı.

Getdikcə məşhurlaşan müğənninin qramafon valları Riqada, Varşavada yazılırdı və günün birində milyonçulardan birinin övladının toy məclisində ona toy sahibi bəxşiş olaraq çox da böyük olmayan torpaq sahəsi hədiyyə etdi.

Hər şey bundan sonra başladı. Tezliklə həmin torpaq sahəsində neft tapılması Seyid Mirbabayevi xanəndə Seyiddən milyonçu Mirbabayevə çevirdi. Əslində həmin dövrdə milyonçuların çoxu məhz belə varlanmışdı, lakin nə Hacı Zeynalabdin Tağıyev, nə Musa Nağıyev, nə də digərləri öz dünənini unutmuşdu. Seyid Mirbabayev ücün dünəni isə daşınılmaz yükə çevrilmişdi. Vaxtilə xanəndə olduğunu ona xatırlatmaq istəyənlərə düşmən kəsilirdi. Bir zamanlar sevə-sevə qoruduğu valları toplatdırıb məhv etdirirdi.

Keçmişini həm özünün həm də insanların xatirəsindən silmək istəyirdi. Onu indi dəbdəbəli həyat, milyonlar səltənətinin cazibəsi maraqlandırırdı. Bu məqsədlə Bakının ən gözəl binalarından biri olan məşhur mülkü aldı, lakin mülkdə cox yaşamaq ona qismət olmadı.

Bolşevik inqilabının dalğası başqaları kimi onu da mühacirətə atdı. Azərbaycanın cox dəyərli insanları mühacirət həyatı yaşadı. Xalqını, torpağını unutmayanlar da oldu, naxələflər də. Hətta, qürbət həyatına dözməyib geri dönənlər də oldu. Bala bəy Aşurbəyov vətənə döndı və az keçmədi bolşeviklər tərəfindən güllələndi.

Seyid Mirbabayev haqqında isə heç nə bilmədiyimdən, bir söz deyə bilmərəm. Bildiyim odur ki, onun Parisə apardığı sərvət tez tükəndi. Mühacirət həyatının bütün acısını daddı. Muflisləşmiş, imkansız, ehtiyac içərisində yaşayan bir insana bu, bəlkə də taleyin cavabı idi. Parisin küçələrini səfalət icərisində dolaşarkən Seyid Mirbabayev Aşurbəylilər nəslinin görkəmli nümayəndəsi Teymurbəy Aşurbəyliyə rast gəldi.

Onun ağır vəziyyətini görən Teymur bəy Seyid Mirbabayevi keçmiş milyonçu kimi deyil, səsinə sənətinə hörmət etdiyi xanəndə kimi Tehrana apardı. Bu Aşurbəyovlar nəslinin milli- mənəvi dəyərlərə verdiyi qiymət idi. Seyid Mirbabayevin məhv etmək istədiyi valları isə xalq qorudu saxladı və bu sərvətin hər cur maddi sərvətdən üstün olduğunu sübut etdi.

Seyid Mirbabayev 1953-cü ildə Tehranda dünyasını dəyişdi, lakın ömrünün sonuna kimi Teymur bəy Aşurbəylinin övladları ona böyük qayğı ilə yanaşdı. XX əsrin əvvəllərində Paris xanəndə olmasından xəcalət çəkən Seyid Mirbabayevi qəbul etmədi. XXI əsrin əvvəllərində isə parislilər Azərbaycan mədəniyyətinin incisi olan muğamı ifa edən xanəndələrimizi ayaqüstə alqışladı...

Fəridə Əliyeva
 
“525-ci qəzet”



1 comment: